"Təhsil naziri Emin Əmirullayev deyir: Ölkədə 1.500.000 şagird var, amma Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Sonra da qeyd edir ki, Bakı və Sumqayıt kimi iri şəhərlərdə təxminən 74-75% təhsilalanı qeydiyyatdan keçirib onlayn təhsilə cəlb edə bilmişik".
Tehsil.biz xəbər verir ki, bu sözləri Təhsil eksperti Kamran Əsədov Təhsil naziri Emin Əmrullayevin fikirlərinə münsibət bildirərkən deyib:
"İndi rəqəmlərə baxaq: Bakı şəhərində 440.000, Sumqayıt şəhərində 58.000, Abşeron rayonunda 45.000 şagird təhsil alır ki, bu da üç ərazidə cəmi yarım milyondan çox (təxminən 543.000) şagird təhsil alır deməkdir. Onlarla ümumilikdə 40.000-ə yaxın müəllimin çalışdığını nəzərə alsaq, bu 600.000 şəxsin aktiv tədris prosesinin iştirakçıları olduğu deməkdir. Nazir isə deyir ki, onların 75%-i onlayn dərslərə qoşulub. Bu da ən azı 45.000 alət (kompüter, planşet, telefon) deməkdir".
Həqiqətənmi, bu qədər alət bu ərazilərdə var?
Ekspert bildirir ki, elektron portaldan qeydiyyatdan keçmək ondan daimi istifadə etmək demək deyil.
Onun sözlərinə görə, hər il orta məktəblərə, təhsil müəssisələrinə azı 6000 ədəd kompüter, 3000 ədəd notebook verilir ki, bu da 100.000-dən çox internetə çıxış aləti deməkdir və bir neçə il əvvəl hər 20 şagirddə 1 kompüter var idisə, sonradan bu rəqəm daha da az oldu.
"Hal hazırda məktəblərdə dərs yoxdur və bu alətləri aztəminatlı ailələrə vermək olmazmı?! Yoxsa bəzi direktorlar onları artıq özününküləşdirməyə nail olub?! Ya Təhsil nazirliyinin davamlı olaraq məktəbləri lazımi vəsaitlərlə "təmin etməsində" problemlər var?! Yoxsa, bu ləvazimatlar "Bermud üçbucağı"nın üstündən keçib yoxa çıxır?!"
Ekspertin Tehsil.biz-ə verdiyi məlumata görə, məktəblərdə 83.000 kompüter var.
"Sevindirici haldır ki, bu gün respublika ərazisində hər 19 şagirdə bir kompüter düşür. Yəni, orta məktəblərimizin əksəriyyəti kompüterlə tam təchiz edilib. Amma bunlar təkcə kompüterlərdir. Axı 40.000-ə qədər də notebook Təhsil nazirliyi tərəfindən məktəblərə verilib. Hələ bura bir neçə xarici ölkə tərəfindən hədiyyə edilənləri demirəm. Məsələn, Yaponiya, Koreya, Çin hökumətləri tərəfindən bir neçə dəfə notebooklar hədiyyə edilib. Sinqapurun riyaziyyat dərsliklərindən biz də istifadə edəcəyik. Deyək ki, Sinqapurda riyaziyyat fənnindən təhsil yüksəkdir və bizdə də təhsil qaldırılmalıdır. Amma, gəlin görək, Sinqapurla bizim məktəblərin keyfiyyəti, müəllimin əmək haqqı bərabərdirmi? Riyaziyyat kitabını tərcümə edib çap edib məktəbə doldurmaqla deyil ki!"
Kamran Əsədov deyir ki, bu yeniliklərin tətbiqinin müsbət hal olmasına baxmayaraq biz buna hazır deyilik.
"Məsələn, Gürcüstanda müəllimlərə sertifikat verirlər, indi biz də sabah müəllimlərə sertifikat verək?! Hər bir ölkənin öz mentaliteti və inkişaf meyilləri var. Bizdə ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi o anlama gəlmir ki, təhsilimiz də iqtisadi inkişafımıza bərabərdir. Yəni, biz elə hesab edirik ki, iqtisadiyyatımız inkişaf edirsə, təhsilimiz də o səviyyədədir".
Ekspert Emin Əmrullayevin -“1 şagird, 1 kompüter” sistemi tətbiq olunan ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, həmin ölkələr də təhsil sahəsində elə ciddi uğurlar əldə etməyiblər" -deyə səsləndirdiyi fikrin də doğru olmadığını qeyd edib:
"Bu fikiri doğru hesab etmirəm. Məsələn, bu sistemi tətbiq edən ölkələrdən biri Banqladeşdir və bu ölkənin təhsil reytinqi bizdən dəfələrlə yuxarıdadır. Nazirin yanaşması ilə məsələyə baxsaq, onda Sinqapur dərsliklərindən istifadə etmək ümumiyyətlə yanlışdır. Çünki, onların təhsil sistemi və dərs metodu olduqca sərtdir ki, bunun da nəticəsində dünyada ən çox intihar edən şagirdlər bu ölkənin payına düşür".